18/03/2020
Əziz həmvətənlər!
Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.
Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.
Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.
Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Əziz dostlar!
Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!
Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.
Hər birinizə dualar və sevgi ilə,
Sizin MEHRİBAN